Yeni inflyasiyadan qorxmalıyıqmı? | Şərh

   Yeni inflyasiyadan qorxmalıyıqmı?    | Şərh
  06 Dekabr 2023    Oxunub:7689
Bu il inflyasiya tempi ötən illə müqayisədə 3 dəfədən çox aşağı olub. Tendensiya qismən səngiyir. Hərçənd, ərzaq inflyasiyası yenə ikirəqəmli səviyyədədir. Bu il istehlak qiymətləri indeksi yanvar-sentyabr ayları ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,9% təşkil edib. Ərzaq məhsulları üzrə sözügedən rəqəm isə 12,4%-ə bərabər olub. Yəni faktiki olaraq, inflyasiya əslində, yenə ikirəqəmli səviyyədədir.
Ümumiyyətlə, prosesin səngiməsi bizdə ilk dəfə may ayında özünü göstərməyə başladı. Mərkəzi Bank (AMB) illik inflyasiya dinamikasının xarici amillərin və həyata keçirilən antiinflyasiya tədbirlərinin təsirləri nəticəsində azaldığı bildirilir. Dünyada qiymətlərin artımının azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması, o cümlədən, həyata keçirilən sərt pul siyasəti və nominal effektiv məzənnənin bahalaşması inflyasiya idxalına azaldıcı təsir göstərib. Odur ki, 2023-cü ildə ölkədə orta illik inflyasiyanın 9,5% səviyyəsində olacağı proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyinin baza senarisinə görə isə, 2024-cü ildə bu göstərici 5,3% həddə olmalıdır.

Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi sentyabrda illik əsasda 19.8%, o cümlədən enerji qiymətləri üzrə 25.6%, qeyri-enerji qiymətləri üzrə 3.9% enib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi sentyabrda illik əsasda 10.7% azalıb.
Daxili valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsi 2023-cü ilin 10 ayında 21,6% möhkəmlənib. Qeyd olunan amil idxal inflyasiyanın məhdudlaşdırılmasında xüsusi rol oynayıb.
Lakin hazırda enerjidaşıyıcılarının qiymətləri yenidən qalxmağa meyl edir. Bu isə o deməkdir ki, xarici bazarlarda bahalaşma və inflyasiya tempi yenə vüsət ala bilər. Bu isə ölkəmizə də təsir edəcək.

Odur ki, bahalaşma tempinin səngiməkdə davam etməsi nisbi xarakter daşıyır. Şəxsən mən qarşıda dünya üzrə qiymətlərdə sabitlik gözləmirəm. Ölkə iqtisadiyyatının inkişafı baxımından isə yerli istehsal və işgüzar aktivlik dəstək istəyir.

Mərkəzi Bankın (AMB) İdarə Heyəti tərəfindən uçot dərəcəsinin 3 illik fasilədən sonra 8,5 %-ə endirilməsi bu fonda bəzi suallar doğurmaya bilməz. Düzdür, pandemiya ilində işgüzar aktivliyi artırmaq, iqtisadi artımın zəifləməsi qarşısını almaq, real sektoru dəstəkləmək tələb olunurdusa, hazırda sərt pul-kredit siyasətinə keçmək zərurətə çevrilib. Bu, bütün dünyada belədir. Hədəf isə odur ki, inflyasiya və bahalaşma prosesinin qarşısı alınsın, sürətlə artmaqda olan tələbi tənzimləmək və təklifi nizamlamaq mümkün olsun.

AMB-in özünün açıqlamasında da deyilirdi ki, uçot dərəcəsinin salınması inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişməsi, həmçinin valyuta bazarında təklifin tələbi üstələməsi sayəsində qərara alınıb. Yəni, illik inflyasiya tempi azalmaqda davam etdiyindən bu addımı atmaq vacib sayılıb. 2023-cü ilin sentyabrında illik inflyasiya hədəf diapazonunda (4±2%) olmaqla 5,1%-ə düşüb.

Amma dediyimiz ki, inflyasiyanın yenidən artacağı istisna deyil. Odur ki, AMB istər-istəməz bununla bağlı ssenariləri də hazırlamalıdır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: İnflyasiya  





Xəbər lenti